Arıçılıq

Kurs məzunlarının müraciəti əsasında AİMK şirkəti məktəbin 20 məzununa 28 ay müddətinə 65 arı pətəyi dəyərində cəmi 8 min manatlıq faizsiz kredit ayırdı. 

AİMK şirkəti 2010-cu ildə Respublikada ilk dəfə Gədəbəydə Arıçılıq Məktəbi yaratmaqla ikinci layihəsinə start vermiş oldu. Arıçılıq Məktəbində təlimlər 5 mayda başladı, təlim verənlər isə Lətif Lətifov, Valeh Qədimov və yerli baytar və tanınmış arı mütəxəssisi Rafiq Əliyev oldular. Məşhur mütəxəssis Valeh Qədimovun özü isə əldə etdiyi nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. Şirkət Valeh Qədimovun “Arıçılığın əsasları” adlı kitabının nəşr olunmasını maliyyələşdirdi və həmin kitab hal-hazırda Arıçılıq Məktəbinin dərsliyi kimi istifadə olunur. Arıçılıq məktəbinin birinci təlim kurslarına 32 nəfər daxil oldu, onlardan 28 nəfər isə 20 iyul 2010-cu il tarixində kursu müvəffəqiyyətlə başa çatdıra bildi. 

2009-cu ilin fevral ayında həmin layihəyə Azərbaycanda məşhur arıçı, eyni zamanda ölkədə ən iri Arıçılıq təsərrüfatının sahibi Lətif Lətifov qoşuldu. Şirkət fevralın 10-12 rayonun 14 kəndində yerləşən 30 Arıçılıq təsərrüfatına L. Lətifovla birlikdə baxışın keçirilməsini təşkil etdi. Baxış zamanı L. Lətifov yerli arıçılara faydalı məsləhətlər verdi. Bu layihənin nəticəsi olaraq arıçılar arasından beşi seçilərək Balakən rayonunda yaxşı tanınan arıçı mütəxəssis Həsən Dallayevin təlim verdiyi “Ana arının yetişdirilməsi və onun süni yolla alınması” adlı təlim kurslarına göndərildi. Təlim kurslarını bitirəndən sonra həmin beş arıçıya iki illik müddətinə 100 arı pətəyi dəyərində cəmi 5 min manatlıq faizsiz kredit ayrılmışdı. 

2008-ci ildən başlayaraq AİMK şirkəti Gədəbəy rayonunda Arıçılıq üzrə iki pilot layihəsinin maliyyələşdirilməsini həyata keçirir. Şirkət Arıçılıq üzrə təcrübəli mütəxəssis Cavid Əliyevlə birlikdə rayonun bir neçə kəndinə baş çəkərək Arıçılıqla məşğul olan yerli sakinlərlə məsləhətvermə görüşləri təşkil etmişdir. 15 yanvar 2009-cu il tarixində AİMK şirkəti bölgədə Arıçılıqla bağlı yaşanan problemlərin həllinə həsr olunmuş bir seminar keçirtdi. Seminarda 60 arıçı iştirak etdi və bununla da həmin sahədə yaşanan problemləri həll etmək niyyətini əks etdirən birinci pilot layihəsinə start verildi.